Gənc yazıçının ədəbi fəaliyyəti ŞKTC Parlament sədrinin marağına səbəb oldu
“Sıfır Nöqtəsi” romanının tanıtımı ilə bağlı Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, gənc yazıçı Əhməd Şahidov Noyabrın 5-də Şimali Kipr Məclisinin sədri xanım Sibel Sirer ilə görüşüb. Rəsmi qəbul zamanı Azərbaycan-Şimali Kipr əlaqələri barədə danışan Əhməd Şahidov bu ölkəyə ilk gəlişinin mərhum Rauf Denktaşla tanışlıqdan sonra baş tutduğunu bildirmiş və Kipr torpağına hədsiz sevgisinin olduğunu dilə gətirmişdir. Yenicə çapdan çıxmış “Sıfır Nöqtəsi” romanı barədə Parlament sədrinə məlumat verən Əhməd Şahidov əsərin əsas süjet xəttinin Kiprin birləşməsi ilə bağlı olduğunu qeyd etmiş və bu prosesdə Kipr Türklərinin əsas mövqedə bulunduğunu diqqətə çatdırmışdır.
“Sıfır Nöqtəsi” romanını yüksək qiymətləndirən Sibel Sirer xanım bir azərbaycanlı yazıçının Kipr torpağına bu qədər sevgi ilə yanaşmasını alqışlamış və bunu Şimali Kipr xalqına hədiyyə olaraq, dəyərləndirmişdir. Romanı mütləq oxuyacağını bildirən Sibel Sirer özünün də ədəbiyyata marağının olduğunu, hətta xırda əsərlər də yazdığını gizlətməmişdir. Daha sonra TURSAM Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə maraqlanan ŞKTC Parlamentinin sədri Şimali Kipr üçün etdiklərinə görə, Əhməd Şahidova dərin təşəkkürünü bildirmişdir.