BÖYÜK ALİM, UNUDULMAZ MÜƏLLİM, SƏMİMİ İNSAN…

afat_qurbanovAkademik Afat Qurbanov dünyasını dəyişdi
Həyatda elə insanlar var ki, onlarla ünsiyyət həmişə insana xüsusi zövq verir, hər dəfə nəsə öyrənirsən, içində tüğyan edən suallara cavab tapırsan. Bucür insanlara həyatın bütün sahələrində rast gəlinir – istər siyasətdə, istər mədəniyyətdə, istərsə də elmdə. Elmlə bağlı insan olduğumdan bucür şəxsiyyətlərə daha çox bu sahədə rast gəlirəm. Bucür şəxsiyyətlərdən biri də akademik Afat Qurbanovdur. Afat müəllimlə qiyabi tanışlığım hələ magistraturada təhsil aldığım illərdə baş tutmuşdu. Dilçilik sahəsində ciddi əsərlərə imza atmış Afat Qurbanovun indiyə kimi 500-dən çox elmi əsəri və 70-ə yaxın kitabı işıq üzü görmüşdü.

Hər bir alim elmə gətirdiyi yeniliklə yaddaşlarda qalır. Onun elmi yaradıcılığına yaxından bələd olanlar yaxşı bilirlər ki, filologiya elmləri doktoru, professor Afat Məhəmməd oğlu Qurbanov ilk dəfə olaraq, Azərbaycan dilçiliyində onomalogiya elmi şöbəsini formalaşdırmış və bununla da Azərbaycanda onomastika elmi məktəbini yaratmışdır. Qocaman alim indiyə kimi 38 nəfər elmlər namizədi, 9 nəfər elmlər doktoru yetişdirmişdir. Şərəfli ömür keçmiş hörmətli akademik Afat Qurbanovun elmi fəaliyyəti təkcə Azərbaycanda deyil, xaricdə də diqqətdə saxlanılır. Belə ki, Rusiya – Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü – akademiki, Amerika – Nyu-York Elmlər Akademiyasının üzvü, Türkiyə – Türk Dil Qurumunun fəxri üzvü, Azərbaycan – Milli yaradıcılıq Akademiyasının həqiqi üzvü – akademiki olan Afat müəllim dünyanın nüfuzlu universitet və akademiyaları tərəfindən mükafat və medallarla təltif olunmuşdur.

Ömrünün son gününə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışan Afat Qurbanovla tanışlığım çox maraqlı oldu. Üzərində çalışdığım namizədlik dissertasiyamın mövzusu rus və Azərbaycan dilçiliyi ilə bağlı olduğundan Azərbaycan dili üzrə mütəxəssis rəyinə zərurət yaranmışdı. Heç tərəddüd etmədən Pedaqoji Universitetə yollandım və avtoreferatımı Afat müəllimə təqdim etdim. İlk dəfə idi ki, qarşımda Azərbaycan elminin canlı əfsanəsi və Azərbaycan dilinin əsaslarını tədqiq edən səmimi bir alim dayanmışdı. Afat Qurbanov mənim avtoreferatıma öz rəyini yazdı.

Afat müəllimlə sonuncu görüşüm 25 Sentyabrda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda baş tutdu. Yaxın bir dostumun namizədlik müdafiəsində iştirak edirdi Afat müəllim. Üz-üzə gəldik, görüşdük. Hal-əhvalını soruşdum.
Dünən isə onun rəhmətə getdiyini eşitdim. Bir tələbə kimi məni çox sarsıtdı onun ölümü. Dünən əl verib görüşdüyüm müəllimim bugün əbədiyyata qovuşdu. Amma yenə qürurluyam, çünki onun heç vaxt yaddaşlardan silinməyəcək elmi əsərləri, fikirləri qalıb bizlərə. Bizim də borcumuz müəllimimizin yaradıcılığını işıqlandırmaq, onun yarımçıq qoyduğu nöqtədən davam etdirmək bu şərəfli yolu.

Azərbaycanın bütün elm ictimaiyyəti hörmətli akademik Afat Məhəmməd oğlu Qurbanovun ölümündən kədərlənir. Allah rəhmət eləsin! Qəbriniz nurla dolsun, Afat müəllim!

Dərin hörmətlə,
Filologiya elmləri namizədi
Əhməd Şahidov

Facebook Comments